Rəvayyətə görə, Şuşa şəhəri inşa edildikdən sonra Pənahabad, sonra isə şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar.

1747-ci ildə Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir və 3 il sonra Qarabağın ən gözəl guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.

Pənahəli xanın ölümündən sonra hakimiyyətə gələn İbrahimxəlil xanın sayəsində Qarabağ xanlığı qüdrətinin parlaq dövrünü yaşayıb.

Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər 17 məhəlləyə bölünüb. Hər məhəllədə hamam, məscid və bulağ inşa edilib. Şuşa qalasının 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsidir.

Ümid edirik ki, Ordumuzun qüdrəti sayəsində yaxın zamanlarda Azərbaycan öz tarixi incisinə qovuşacaq. Qarabağ Azərbaycandır!