Bazar iqtisadiyyatı şəraitində hər bir insan öz sərbəst fəaliyyəti ilə məşğul olaraq maddi durumu ilə yanaşı cəmiyyətə faydalı ola biləcək işlər görə bilər. Artıq bu tendensiya sürətli ikişaf yoluna qədəm qoymuşdur. Yüksək likvidliyə malik olan mikrosahibkarlığın risklərinində aşağı olması səciyyəvi haldır. Asanlıqla biznes plan quraraq fəaliyyətə başlamaq olar. Nəzərə alsaq ki, yeni ideya məhsulları istehlakçıları daha çox cəlb edir, nəyə görə öz ideyalarımızı inkişaf elətdirməyək ?
Bunun üçün dövlət səviyyəsində də, müəyyən islahatlar aparılmışdır. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarı ilə təsdiq olunmuş “İri, orta və kiçik sahibkar meyarları”na əsasən işçilərin orta siyahı sayı 25 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik, işçilərin orta siyahı sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 200 min manatdan 1.250 min manatadək olan sahibkarlar orta və işçilərin orta siyahı sayı 125 nəfər və ondan yuxarı, illik gəliri 1.250 min manatdan və ondan yuxarı olan sahibkarlar iri sahibkar müəyyən olunmuşdur. Sahibkarların bu meyarlar üzrə müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” göstəricilərindən daha yüksək olanı əsas götürülür. Ölkəmizdə sahibkarlığın məqsədyönlü şəkildə inkişafı və yaranan maneələrin qarşısı alınmaq üçün “sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsünün aparılması” ilə bağlı məsələ Milli Məclisdə qəbul edildikdən sonra “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə olunmuşdur. Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir. Mikro sahibkarlıq subyektləri dedikdə, özünün maliyyə vəziyyətinə əsaslanaraq ümumi maliyyə xidmətlərindən istifadə edə bilən şəxs və ya şəxslər nəzərdə tutulur. Yəni kiçik kapitalla, hətta kapitalsız belə bu fəaliyyət növüylə məşğul olmaq mümkündür. Sahibkarlığın bu növü inkişaf etməkdə olan ölkələrdə ümumi məşğulluq forması hesab edilir. Qərbi Avropa və Şimali Amerika kimi inkişaf etmiş ölkələrdə mikro sahibkarlıq fəaliyyəti, demək olar ki, yoxdur. Maraqlısı budur ki, satistikada mikro sahibkarların 99 faizi qadınlar göstərilmişdir. Mikro sahibkarlıq fəaliyyəti geniş olmur. Məsələn, kənd təsərrüfatında mikro sahibkarlıq fəaliyyətinə qida məhsullarının becərilməsi, emalı və satışı daxildir. Şəhər şəraitində mikro sahibkarlar, adətən, küçələrdə, metroların qarşısında ticarətlə, kiçik yüklərin çatdırılması, şəbəkə marketinqi ilə məşğul olurlar. Lakin unutmayaq ki, qiyməti milyardlarla dollar səviyyəsində olan şirkətlər kiçik bir mikro ideyanın bəhrəsidir.
Mikro sahibkarlığın iqtisadiyyata töhfəsi çox böyük olmasa da, sosial əhəmiyyətləri böyükdür. Mikro sahibkarlıq onların kasıba öz biznesinə başlamaq imkanı yaradır. Eləcə də, inkişaf etməkdə olan ölkələrdə ailə təsərrüfatlarını böhrandan sığortalayır. İşçiləri sahibkar asılılığından azad edir. Sadaladğımız amilləri köklü surətdə araşdırsaq cəmiyyətə əhəmiyyətini daha aydın şəkildə izzah etmək olar.