2024-cü il Vergi Məcəlləsində Aksiz Vergilərinə edilmiş dəyişikliklər aşağıdakı qaydadır.
Aşağıdakı aksizli mallar məcburi nişanlanmalıdır:
– tütün məmulatları və onların əvəzediciləri;
– birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
– elektron siqaretlər üçün maye;
Bu mallar Azərbaycan Respublikasının ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilir. Əgər yuxarıda göstərilən malların sonradan təkrar ixrac məqsədi ilə idxalı nəzərdə tutulmuşdursa, malların idxalı vaxtı həmin mallar üçün məcburi nişanın alındığı vaxt hesab olunur.
Həmçinin, bu malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş məcburi nişan qalarsa, vergi ödəyicisi həmin nişanları alarkən ödənilmiş aksiz məbləğlərini geri almaq hüququna malikdir.
Aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini aşağı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə artırılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə növbəti ayın 20-dən gec olmayaraq, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxal edildiyi vaxt gömrük bəyannaməsində əks etdirməklə dövlət büdcəsinə ödəməlidir.
Aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə azaldılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.
Aksizli malların siyahısı yenilənmişdir, yeni siyahıya əsasən aşağıdakı mallar aksizli mallar hesab edilir:
- tütün məmulatları və onların əvəzediciləri; birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
- elektron siqaretlər üçün maye; içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri;
- energetik içkilər;
- neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
- dövlət qeydiyyatına alınmalı olan motosikletlər; istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
- idxal olunan xəz-dəri məmulatları.
Yenilənmiş maddələr aksiz vergisi dərəcələrini də əhatə edir. Belə ki, 2024-cü ildən:
- içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları və konyak və konyak materiallarının hər litrinə 4.8 manat; şampan şərabının hər litrinə 0.2 manat;
- siqarilla, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 45.50 manat; alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə 1000 ədədinə 16 manat;
birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər bir ədədinə 2 manat aksiz vergisi müəyyən edilmişdir. - Motosikletlər üçün aksiz vergisi mühərrikin həcmi 125 kubsantimetrədək olduqda- mühərrikin həcminin hər kubsantimetrə görə – 0,20 manat; mühərrikin həcmi 500 kubsantimetrədək olduqda- 25 manat + mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,40 manat;
- mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda- 175 manat + mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 0,50 manat müəyyənləşdirilmişdir.