2024-cü il Vergi Məcəlləsində Əmlak və Torpaq Vergilərinə edilmiş dəyişikliklər aşağıdakı qaydadır.
Əmlak Vergisi üzrə azadolmalar:
Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.
Torpaq Vergisi üzrə:
Torpaq vergisi bəyannaməsinin verilməsi müddəti dəyişdirilmişdir. Artıq bəyannamə hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq təqdim edilməlidir. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.
Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər.
Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.