11.07.2017-ci il tarixində AR Prezidenti “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nı öz fərmanı ilə təsdiq edilmişdir.
Fərmanda qeyd edilən ölkələrdən hər hansı birində qeydiyyatdan keçmiş və ya təsis edilmiş şəxslər ilə hər bir belə şəxs üzrə dəyəri il ərzində 500 000 manatdan artıq olan əməliyyatlarına Azərbaycan Transfert Qiymətləri qaydaları tətbiq ediləcəkdir.
Eyni zamanda, əgər hər hansı rezident siyahıda sadalan ölkələrdən birində gəlir əldə edən şəxsin səhmlərinin 20%-dən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, Nəzarətdə olan Xarici Şirkətlər qaydalarına əsasən həmin rezident belə gəlir üzrə hesabat verməli və vergi ödəməlidir.
Sual.Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Monakoda təsis olunmuş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?
Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin həmin Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunur ki, həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 128.2-ci maddəsinə görə, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Vergi Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Bu il üçün güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı dövlət başçısının 2017-ci il 11 iyul tarixli 1505 nömrəli fərmanı ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən: Adıçəkilən fərmanla güzəştli vergi tutulan ölkə kimi müəyyən edilmiş Monakoda təsis edilmiş şirkət ilə bağlanmış müqavilə əsasında rezident müəssisə tərəfindən həyata keçirilən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq, 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Samirə Musayeva Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi |
Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı hər il üçün təsdiq edilir.
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2017-ci il.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin
SİYAHISI
- Andorra
- Anqila
- Antiqua və Barbuda
- Aruba
- Antil Adaları (Niderland)
- Baham Adaları
- Bəhreyn
- Bermud Adaları
- Britaniya Vircin Adaları
- Beliz
- Barbados
- Cəbəllütariq
- Cersi
- Dominika
- Honkonq (Çin)
- Kayman Adaları
- Kuk Adaları
- Kosta-Rika
- Qernsi
- Qrenada
- Liberiya
- Lixtenşteyn
- Maldiv Adaları
- Men Adaları
- Marşal Adaları
- Montserrat
- Monako
- Makao (Çin)
- Nauru
- Niue
- Panama
- Palau
- Seyşel Adaları
- Sent Kits və Nevis
- Samoa
- Sent Vinsent və Qrenadin
- Sent Lusiya
- Törks və Kaykos Adaları
- Vanuatu
- Vircin Adaları (ABŞ)
Mənbə: https://www.muhasib.az/Xeber/xeber.php?id=324