Bir çox şirkətlər biznesin inkişafı üçün yeni kapital cəlb etməyə çalışırlar. Adətən şirkətlər kreditlər üçün banklara müraciət edir. Lakin dünya təcrübəsi göstərir ki, şirkətlər səhm buraxa bilərlər. IPO (Initial Public Offering – şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsi) keçirmək üçün bir neçə mərhələni aşmaq lazımdır. Bu proses asan deyil və bahalıdır, lakin səhmlərin yerləşdirilməsi uğurlu olarsa, şirkət yüz minlərlə, milyonlarla, hətta milyardlarla dollar cəlb edə bilər.
İlkin mərhələ ən uzun mərhələdir, bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Bu müddət ərzində şirkət öz biznesini, aktivlərin strukturunu və korporativ idarəetməni qiymətləndirməlidir. Ondan sonra hansı qiymətə və nə qədər səhmlərin buraxılmalı olduğunu hesablamaq və müvafiq olaraq şirkətin gələcək kapitallaşmasını müəyyən etmək mümkündür. Aparılan təhlilin nəticələrinə görə, şirkət öz səhmlərini açıq satışa çıxarmaq üçün faydalı olub-olmayacağına qərar verir. Şirkətin İdarə Şurası, təhlil edərək IPO-ya çıxmaq və ya çıxmamaq barədə qərar verir.