18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xüdafərin körpüsü üzərində Azərbaycan Bayrağı dalgalanmağa başladı. 27 il sonra Araz çayının üzərində yerləşən tarixi körpü üzərində nazarət Azərbaycana qayıtdı.
Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Bu körpülər Azərbaycanın Cəbrayıl rayonunun ərazisindədir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır.
Ecazkar memarlıq nümunələri olan hər iki körpü orta əsr Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. On beş aşırımlı körpüdə milli Azərbaycan memarlığında geniş yayılmış qarışıq hörgü – kərpic və daş hörgü üsulundan məharətlə istifadə olunub. Dayaqları təbii özüllər — qayalar üzərində ucaldıldığından Xudafərin körpüləri tarixin tufanlarına uzun müddət tab gətirə bilib.
Bişmiş kərpicdən və çay daşından tikilən on beş aşırımlı körpünün uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir və XII əsrin abidəsi sayılır. Bundan təxminən 750 metr aralıda tikilmiş ikinci Xudafərin körpüsü isə on bir aşırımlıdır. Bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmiş bu körpünün XIII əsrdə, Elxanilər dövründə inşa olunduğu güman edilir. Vaxtı ilə uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat qalmış yalnız üç aşırımı gəlib çatıb.