“Əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişlərini təşkil etdiyi halda, qonşu ölkələrdə bu göstərici 40-65 faizə qədərdir. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergitutma bazasının genişləndirilməsi vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilməsi yolu ilə həyata keçirilməsini nəzərdə tutur”- bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.

İqtisadçı-alim Nazim Bəydəmirli Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə aydınlıq gətirib.

Onun sözlərinə görə, həqiqətən də Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox yüksəkdir. Bunu doğuran səbəblər təkcə vətəndaşların vergiyə etinasızlığından qaynaqlanmır: “Deyilir ki, əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişləri təşkil edir. Bu zaman sual yaranır ki, digər 75 faiz haradan daxil olur? Əgər 4 nəfərdən ibarət ailənin rəsmi təsbit edilmiş istehlak səbəti 800 manatdan yüksəkdirsə, necə olur ki, orta aylıq əmək haqqı 542 manatdır? Və vətəndaş bu 542 manatdan əlavə məbləği haradan ödəyir? Çox vaxt belə fikir gəzir ki, Azərbaycan vətəndaşı aylıq 300 manat maaş alır, amma 1500 manat xərcləyir. Bu pulu haradan qazanır? Bu o deməkdir ki, vətəndaşların qeydə alınmayan gəlirləri mövcuddur”.

İqtisadçı qeyd edib ki, bütün bu məsələlərin kökündə Azərbaycan iqtisadiyyatının bəlasına çevrilən qeyri-şəffaflıq, böyük şirkətlərin vergidən yayınması və kölgə iqtisadiyyatını yaradan ikili mühasibatlıqdır.

“Bu baxımdan qeyri-neft sektorunda çalışan fiziki şəxslərin gəlir vergisinin 8000 manata qədər olan hissəsinin vergidən tam azad edilməsi müsbət addımdır. Bu addımlar Gürcüstanda olduğu kimi tətbiq edilsəydi, daha yaxşı olardı. Onun sözlərinə görə, Gürcüstanda sosial sığorta haqqı ilə fiziki şəxslərin gəlir vergisi birləşdirilib və 39 faizdən, minimum 20 faizə endirilib. Əmək haqqından tutulan gəlir vergisi və sığorta haqqı sosial vergi ilə əvəz edilib. Nəticə etibarı ilə Sosial Sığorta Fondu ləğv edilib və onun səlahiyyətləri Maliyyə Nazirliyinə verilib. Azərbaycanda da belə olsaydı hər kəs “kölgədən” çıxardı.
“Mən bu addımı müsbət qiymətləndirsəm də, yarımçıq addım hesab edirəm. Eyni zamanda, bilirsiniz ki, dövlət qurumlarında, əsasən də nazirliklərdə əməkdaşların maddi vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə əmək haqqından əlavə cərimə, sanksiya və s. hesaba toplanan vəsaitlərin bir qismi əlavə kimi verilir” – deyə iqtisadçı bildirir.

Azərbaycanda iqtisadi fəal olan insanlar 5 milyon nəfər, rəsmi işsiz olan hissə 5 faiz – 250 min nəfər, sosial sığorta ödənişi ilə bağlı qeydiyyata düşənlər 2 milyon 300 min, muzdla çalışanların sayı isə 1 milyon 600 min nəfərdir. Muzdla çalışanların 900 mini dövlət büdcəsindən, 700 min nəfər isə özəl sektordan maliyyələşir: “Deməli, digər insanlar haradasa çalışır, amma vergi ödəmir. Bu baxımdan bu qərar təqdirəlayiqdir. Kölgə iqtisadiyyatının aradan qaldırmaq üçün məmur sahibkarların aradan qaldırılması, inhisarçılığın ləğv edilməsi, dövlət idarəetmə xərclərinin kifayət qədər azaldılması – bir-birini təkrara edən qurumların birləşdirilməsi mütləqdir. Başqa ölkələrin keçdiyi iqtisadi islahatları biz də keçməliyik. İqtisadiyyatın şəffaflaşmasını istəyiriksə, bunu etməliyik”.

sputnik.az