Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar eyni zamanda vergi sisteminin şəffaflaşdırılması istiqamətində atılmış addımlar maliyyə əməliyyatlarının aparılması sahəsində xüsusi məsuliyyət yaradır. Kiçik və orta sahibkarların eyni zamanda irimiqyaslı şirkətlərin maliyyə sahəsində peşəkar yanaşma təlabatı yaranır. İqtisadi sahədə həyata keçirilən innovativ yeniliklər maliyyə və consaltiq xidməti göstərən şirkətlərinin xidmətindən istifadəyə ehtiyac yaradır. Ölkəmizdə peşəkar maliyyə xidməti ilə seçilən “Finance Group Accounting Consulting” şirkətinin baş direktoru və həmtəsisçisi Şamil Qoçulunun  Fins.az-a müsahibəsini təqdim edirik.

– Azərbaycanda maliyyə xidmətləri bazarında hansı problemləri qeyd etmək istərdiniz?

– Maliyyə sektorunun inkişafı 2008 – 2009 qlobal maliyyə krizisi dövründə tənəzzüldən əziyyət çəkdi. Bununla yanaşı, Azərbaycan bankları xaricdən məhdud kredit göstəriciləri və ödəniş çətinliyi olan böyük borc alanlar üçün birbaşa dövlət – dəstəyi və infrastruktur layihələri üçün isə banklar vasitəsi ilə dövlət dəstəyi sayəsində ciddi ziyandan yayındılar. Bu sektor o zaman bank kreditinin artması və qiymətli kağızlar bazarının bərpa olunması ilə böhrandan sonrakı dövrə daxil oldu. Zəif bazanın olmasına baxmayaraq, xüsusi ilə mikro maliyyə və sığorta sahəsində ciddi inkişaf müşahidə olunur.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb.

2015-ci ildən etibarən xarici iqtisadi şoklar və milli valyutanın devalvasiyası şəraitində maliyyə sisteminin risk həssaslığı artmış və maliyyə göstəriciləri pisləşib. Artan risklər fonunda bəzi maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə fokuslanmış biznes modeli və strategiyasının olmaması, habelə bəsit risk idarəetməsi maliyyə sisteminin yeni iqtisadi konyunktura və bazar şərtlərinə uyğunlaşmasını çətinləşdirmiş və maliyyə vasitəçiliyini məhdudlaşdırmışdır.

Maliyyə bazarlarında investor və emitentlərin aktivliyi məhduddur. Potensial investorların və emitentlərin kapital bazarı və maliyyə alətləri haqqında məlumatlarının az olması, informasiya asimmetriyası və ənənəvi təksahiblik düşüncə tərzi kimi amillər qiymətli kağızlar bazarının inkişafını məhdudlaşdırır, iqtisadiyyatda maliyyə resurslarının qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur.

Maliyyə sistemində çalışanların bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qalxması, habelə maliyyə xidmətləri istehlakçılarının maliyyə savadlılığının artırılması sağlam, etibarlı, dayanıqlı və effektiv maliyyə sisteminin formalaşdırılmasını dəstəkləyə bilər. Buna nail olmaq məqsədilə maliyyə sistemi mütəxəssislərinin ixtisaslaşmasının dərinləşməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş strateji hədəflər müəyyən edilib.

– Yerli bazarın inkişafını ləngidən əsas amillər hansılardır?

– Dünya iqtisadiyyatının transformasiyası və informasiya texnologiyalarının sürətli inkişafı kimi amillər qlobal maliyyə sistemində yeni meyillərin yaranmasını şərtləndirib. Bu yeni meyillər əsasən prudensial tənzimləmə və nəzarətin güclənməsi, maliyyə xidmətlərinin rəqəmsallaşması, alternativ bankçılığın genişlənməsi, əhalinin davranış modellərinin dəyişməsi, yeni bilik və bacarıqlara tələblərin artması və maliyyə institutlarının əməliyyat modellərinin dəyişməsi istiqamətində müşahidə olunur.

– Yerli şirkətlər inkişaf etmək üçün hansı məqamlara diqqət yetirməlidirlər?

– Texnoloji imkanların genişlənməsi maliyyə institutlarının müştərilərlə münasibətlərini yeni keyfiyyət müstəvisinə yüksəltmiş, ənənəvi biznes modellərinin modernləşdirilməsi üçün əlavə stimullar yaratmış və yeni bazarların formalaşmasına təkan vermişdir. İnternet və mobil rabitədən istifadənin genişlənməsi ənənəvi maliyyə xidmətlərinin alternativ kanallarla və yeni bazar iştirakçıları tərəfindən daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırıb. Böyük istifadəçi auditoriyasına malik sosial şəbəkələr maliyyə xidmətləri istehlakçılarına banka müraciət etmədən birbaşa maliyyələşmə imkanı yaradan platformalar təqdim edir.

– Azərbaycan maliyyə xidmətləri bazarının inkişaf perspektivləri mövcuddur? Hansı qanunvercilik təşəbbüslərinə ehtiyac duyulur?

– 2004–2014-cü illərdə neft gəlirlərinin artması fonunda qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olub. Müşahidə olunan iqtisadi artım iqtisadiyyatın digər sektorları ilə bərabər maliyyə sisteminə də müsbət töhfə vermişdir. Ötən dövr ərzində effektiv maliyyə sisteminin formalaşması və institusional inkişafı istiqamətində davamlı islahatlar aparılmış, maliyyə sisteminin quruculuq işləri həyata keçirilib. Maliyyə bazarlarının tənzimlənməsi üzrə normativ hüquqi baza hazırlanaraq onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində işlər aparılıb. Maliyyə bazarlarının müxtəlif seqmentlərində müasir əməliyyat sistemlərinin tətbiqinə başlanılıb.

Kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə məhkəmə sistemi və icra mexanizmləri, habelə kredit məlumatlarının mübadiləsi infrastrukturu maliyyə sisteminin yeni çağırışlara effektiv uyğunlaşmasını dəstəkləmir. Qlobal miqyasda sığorta bazarının artacağı və buna həm həyat, həm də qeyrihəyat sığortasının töhfə verəcəyi gözlənilir.

Mənbə: Fİns.az