Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü il üçün qlobal inflyasiya proqnozunu yüksəldib və mərkəzi bankları qiymət təzyiqinin zəifləməsinə qədər uzunmüddətli sərt pul siyasətini davam etdirməyə çağırır.
BVF hesabatında qeyd edir ki, inflyasiya tempi yalnız 2026-cı ilə qədər hədəf göstəricilərinə qayıda bilər. İnflyasiyanın yüksək səviyyəsi koronavirus pandemiyası səbəbindən tədarük zəncirlərindəki nasazlıqlar, karantin zamanı tətbiq olunan maliyyə stimulları, həmçinin Rusiya ilə Ukrayna arasındakı münaqişə səbəbindən ərzaq və enerji təchizatında fasilələr ilə əlaqələndirilir.
BVF həmçinin qeyd edir ki, ÜDM artımının orta müddətli perspektivləri, o cümlədən dünya iqtisadiyyatının bloklara parçalanması və mərkəzi bankların siyasətinin sərtləşməsi səbəbindən pisləşir. Nəticədə BVF 2024-cü ildə dünyada iqtisadi artım proqnozunu 3%-dən 2,9%-ə endirib. 2023-cü ildə dünya ÜDM-nin artımı 3%, 2022-ci ildə isə 3,5% təşkil edib.
Bu ilin yekunlarına görə inkişaf etmiş ölkələrin iqtisadiyyatının artımı 1,5%, 2024-cü ildə isə 1,4% təşkil edəcək. ABŞ-da ÜDM 2023-cü ildə 2,1%, 2024-cü ildə isə 1,5% artacaq. 2023-cü ildə Avrozona ölkələrinin ÜDM-nin artım proqnozu 0,9%-dan 0,7%-ə, 2024-cü ildə isə 1,5%-dən 1,2%-ə endirilib.
İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları 4% artacaq. Eyni zamanda, BVF Rusiyanın 2023-cü il üçün ÜDM artım proqnozunu 1,5%-dən 2,2%-ə qədər yaxşılaşdırdı, lakin 2024-cü il üçün proqnozu 1,3%-dən 1,1%-ə endirilib. Çinin iqtisadi artım proqnozu 2023-cü il üçün 5,2%-dən 5%-dək, 2024-cü il üçün 4,5-dən 4,2% – dək endirilib.