Müasir marketinq iqtisadiyyatın daha çox sənaye istehsalı, xidmət və ticarət sahələri üzərində böyüyüb inkişaf edib. Təsadüfi deyil ki, bir çox marketinq kateqoriyasına baxanda məhz bu sektorlara xitab etdiyini, onların perfomansını yaxşılaşdırmağa çalışdığını görərik. Məhsul və brend menecmenti, bazar araşdırması, reklam, PR-a aid misallar xatırlayın – təcrübənizdə çox az misal olacaq ki, kənd təsərrüfatında marketinq ilə bağlı olsun. Amma bu o demək deyil ki, kənd təsərrüfatında marketinq yoxdur. KT-da marketinqin əsas məqsədi əlavə dəyər yaratmaqla birbaşa və dolayı rəqabət ortamında sata bilməkdir. Marketinqin prinsip və mexanizmlərində elə də güclü dəyişiklik olmasa da kənd təssərüfatının spesifikasından irəli gələn bəzi xüsusiyyətləri var.

Kənd təsərrüfatı marketinqin iştirakçıları kimlərdir?

KT-da iki əsas tərəf var: istesalçı və satıcılar – istehlakçı və alıcılar. Satıcılar mümkün qədər baha və çox satmaq istəyir, alıcılar isə tələbatı olduğu qədərini ən aşağı qiymətə almağa çalışır.

Kənd təsərrüfatı iqtisadiyyatın strateji sahəsi olduğuna görə dövlətin birbaşa və yaxın nəzarətində olur, digər sahələrdə rast gəlmədiyimiz dəstək və güzəştlərə “məruz” qalır. Bu səbəbdən dövlət orqanları da əslində KT marketinqinin iştirakçıları hesab oluna bilər. Amma onların məqsədi fermer-alıcı tarazlığına təsir etmək deyil, əksinə bu tarazlığın ictimai faydaya xidmət edəcək şəkildə qurulmasına nail olmaqdır. İctimai fayda nədir? Dövlətin ərzaq təhlükəsizliyi, xalqın strateji qida növləri (taxıl, süd, yumurta kimi) tam təmin olunması, ərzaqların yüksək keyfiyyəti və insan orqanizminə ziyan törətməməsi və s.

Kənd təsərrüfatında marketinqin kökü nəyə dayanır?

Kənd təsərrüfatı əsas etibarı ilə istehsal sahəsidir. Əkinçilik, maldarlıq, meşəçilik, balıqçılıq kimi istiqamətləri var. Kənd təsərrüfatı emalı sahələrini emal sənaye istehsalına aiddir. KT-da marketinqin əsas işi dəyər dəyər necə yaranır? KT-nın 3 əsas prosesual funksiyasında:

1. KT-nın Mübadilə funksiyası

Mübadilə funksiyası özünü KT mallarının alışsatış və saxlanc prosesində nümayiş etdirir. Mübadilə prosesində istehsalçı fermerlər satıcı rolunda çıxış edir. Alış əqdinin nə vaxt bağlanmasından, məhsulun nə vaxt becərilib hazır olmasından, anbara çatdırma vaxtından və halından, anbarda nə qədər qalıb bazara nə vaxt çıxarılmasından asılı olaraq məhsulun dəyəri, eyni zamanda qiyməti formalaşır. Misal üçün qarpızın iyun ayında təzə çıxan vaxtında qiyməti nisbətən yuxarı olur, bolluq yarananda qiyməti düşür, mövsüm sonuna qədər nisbətən qalxır. Bəzi şirkətlər var ki, misal üçün pomidoru yayda yaşıl alıb dondurucuada saxlayır, qışda isə mövsüm olmayan vaxtı 5-10 qat baha qiymətinə satır. Bu incəlikləri nəzərə almaq marketinqin əsas funksiyası olan dəyər yaratmağa birbaşa təsir edir.

2. KT-nın Fiziki funksiyası

Bu funksiyaya KT məhsullarının daşınmasıilkin emalı və satış üçün standartlaşdırıması daxildir. Qida digər FMCG məhsullarından fərqli olaraq xüsusi saxlama və logistika şərtlərinə riayyət olunmasını tələb edir. Ətin soyuq temperaturda saxlanılması, yumurtanın yolda sınmaması kimi. İlkin emal da KT məhsulları üçün çox vacibdir, çünki məhsulun satışa hazırlıq səviyyəsini və deməli qiymətini müəyyən edir. Göyərtinin dəstə-dəstə yığılması misalında olduğu kimi. Standartlaşdırma deyəndə sizdə çaşğınlıq yarana bilər – siz sadəcə aşağıdakı şəkilə baxın. Yaponiya dördbucaq qarpız istehsal etməklə logistikada böyük qənaət və deməli marketinq dəyəri yarada biliblər. Avropa ölkələrinə idxal olunan bananlar hamısı bir ölçüdə olmalıdır misalı kimi. Bütün bunların marketinqə nə aidiyyatı var? Satmaq istəyirsənsə marketinqi işə salıb, brendi fərqləndirməyi, müştərinin diqqətini çəkməyi, ona əlavə dəyər verməyi bacarmalısan.

3. Optimallaşdırma Funksiyası

Optimallaşdırma funksiyasına KT istehsalının optimallaşdırılması və effektivliyinin artırılması işləri aiddir: maliyyəşdirməsığortabazar araşdırılması kimi. Bu funksiyanın məqsədi KT məhsullarının yetişdirilməsi və satış proseslərini optimallaşdırmaqdır. Maliyyə riskləri dəyərləndirəndə, investisiya barədə qərar verəndə marketinqin təqdim etdiyi satış təxminləri və bazar dinamikası proqnozlarına əsaslanır.

Kəndə təsərrüfatında marketinq bu 3 əsas, toplam 9 funksiyada özünü biruzə verir. KT-da çalışan hər bir marketer bu funksiyaları öz işində mütləq şəkildə nəzərə almalıdır.

Orqanik kənd təsərrüfatı marketinqi nədir?

Yaşıl inqlab eyni zamanda orqanik kənd təsərrüfatının yaranmasına gətirib çıxartdı. Orqanik KT demək olar ki bütöv şəkildə istehsal prosesində qeyri-orqanik qatqıların istifadə olunmasını istisna edir. Ancaq orqanik (peyin) gübrədən istifadə olunur, ziyanvericilərə qarşı belə dərman deyil, onların təbii düşmənlərindən istifadə olunur. Bu cür məhsul yetişdirmə əlbətdə ki daha baha qiymətə başa gəlir. Bu da marketinqə məhsulu mövqeləndirməyə, brendləşməyə və yüksək qiymət siyasətinə əsas verir.

Kənd təsərrüfatında marketinq çox vacib məsələdir. Amma elə də gəliz deyil. Yerli istesahçılar, fermerlər və KT ilə məşğul olan sahibkarlar daha çox marketinqə ehtiyac hiss edir.

mktg.az