Uçotun iki istiqaməti var: maliyyə və idarəetmə. 

Maliyyə uçotu təsisçilər (səhmdarlar) üçün nəzərdə tutulmuşdur. 

Təsisçilər həmişə iki məlumatı bilmək istəyirlər: müəyyən bir müddət üçün hansı qazanc əldə edib və hal-hazırdakı payı nə qədərdir. 

Bu məlumatlar mənfəət və zərər hesabatı, maliyyə vəziyyəti hesabatı kimi əsas maliyyə hesabatlarında yer alır. Əsas maliyyə hesabatlarına nağd pul vəsaitlərinin hərəkəti və daxilolmaları əks etdirən hesabat, habelə şirkətin kapitalının hərəkəti (səhmlər, bölüşdürülməmiş mənfəət və s.) haqqında məlumatları açıqlayan kapital dəyişikliyi haqqında hesabat daxildir.

İdarəetmə uçotu daxili istifadə üçün nəzərdə tutulmuşdur və aşağıdakı məqsədlər üçün istifadə olunur:

• malların və xidmətlərin maya dəyərinin müəyyənləşdirilməsi

• mal və xidmətlərin rentabelliyi

• proqnozlaşdırma

• büdcənin hazırlanması və büdcə nəzarəti hesabatlarının hazırlanması

• maliyyə məsuliyyətinin səmərəliliyinin qiymətləndirilməsi

• idarəetmə qərarları qəbulu (optimal istehsal planı, məhsulun müstəqil istehsalı və ya xarici təchizatçıdan alınması, birgə məhsulların təkmilləşdirilməsinin məqsədəuyğunluğu, bölmələrin bağlanması və ya mal və ya xidmətin istehsaldan çıxarılması, minimum qiymət və s.). 

İdarəetmə uçotunda yalnız mühasibat məlumatları deyil, həm də anbar uçotu məlumatları, istehsal cədvəlləri, işçilərin əmək haqqı məlumatları və s. istifadə olunur.

Mühasibat məlumatlarının məqsədindəki fərq Maliyyə və İdarəetmə uçotu arasındakı bütün digər fərqləri müəyyənləşdirir. 

İdarəetmə hesabatı fərqli bir formata, detallaşdırma səviyyəsinə və tezliyinə, onun formalaşmasına və göstəricilərin hesablanması metodologiyasına malik ola bilər.