Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Ölkə büdcəsinin doldurulmasında başlıca rol oynadığına görə zaman-zaman böyük islahatların keçirilməsinə zəmin yaranır.

          Bu islahatlardan 2019-cu ildə keçiriləcək Vergi islahatların qeyd etmək olar. Gələn ildən pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərin veriləcəyi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyacaq.Tətbiq olunacaq yeniliyə əsasən, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək. Belə ki,vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-nin 15  faizini, nağd şəkildə edibsə, 10 faizini geri alacaq. Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən qeyd edirik ki, “Fiziki şəxs olan  istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”. Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə iləəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır. 

          Bundan əlavə, gələn ildən istehsalla məşğul olan biznes subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ təkcə dövriyyənin həcmindən asılı olmayacaq. Əsas meyarlardan biri də işçi sayı olacaq. Təklifə görə, işçilərinin sayı 3 nəfərdən çox olan istehsalçıların ƏDV ödəyicisi kimi qeydiyyata alınması gözlənilir. Bundan əlavə,topdansatış ticarətçilərin və lisenziya tələb olunan fəaliyyətlə məşğul olanların da ƏDV ödəyicisi kimi qeydiyyata alınması nəzərdə tutulur.