2023-cü ildə qlobal iqtisadiyyat Çin istehlakının yaxşılaşdırılması və analitiklərin keçən il qısamüddətli tənəzzülü proqnozlaşdırdığı ABŞ-da nisbətən yüksək iqtisadi aktivlik sayəsində pozitiv böyümə sürəti göstərdi.
Buna baxmayaraq, dünya iqtisadiyyatını geosiyasi münaqişələr, pul siyasətinin sərtləşdirilməsi (uçot dərəcələrinin artırılması, bahalı kreditlər) və qlobal tələbin zəifləməsi məhdudlaşdırdı.
2023-cü ildə qlobal iqtisadiyyata təsir edən risklər 2024–cü ildə də geosiyasi qeyri-sabitlik, yüksək faiz dərəcələri və ümumilikdə əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik aktual olaraq qalır. Bundan başqa, 2024-cü il ərzində özünü göstərə biləcək və qlobal nəticələrə səbəb ola biləcək digər, hələ bilinməyən amillər “ehtiyatda” qalır. Hazırda mövcud olan faktlara və ilkin şərtlərə əsasən analitiklər 2024-cü ildə dünya iqtisadiyyatının 2,1-2,9% aralığında artacağını gözləyirlər.
Goldman Sachs analitikləri 2023-cü ildə olduğu kimi, 2024–cü ildə də qlobal iqtisadiyyatın gözləntiləri aşacağını proqnozlaşdırırlar. 2023-cü ilin əvvəlində analitiklər 2023-cü ildə qlobal iqtisadiyyatın 1,4-2,7% aralığında artacağını gözləyirdilər. İlin sonunda dəqiqləşdirilmiş proqnozlar qlobal ÜDM-in (Ümumi Daxili Məhsul) orta hesabla 2,9-3,% artım gözləntilərini göstərdi.
Fitch Agentliyi 2024-cü ildə qlobal ÜDM–in 1,9%-dən 2,1%-ə qədər artacağı proqnozunu yaxşılaşdırıb, Avropa Komissiyası isə 3,2%-dən 2,9%-ə qədər pisləşdirib. İnvestisiya banklarının analitikləri 2024-cü ildə dünya iqtisadiyyatının perspektivlərini orta hesabla 2,4-2,8% aralığında qiymətləndirirlər. Citigroup–un ən pessimist qiymətləndirməsi 1,9% artımdır.
Asiya ölkələri ilə yanaşı, ABŞ da dünya iqtisadiyyatının böyüməsini dəstəkləyəcək. Fitch agentliyi ABŞ-in ÜDM artım proqnozunu 0,3%-dən 1,2%-ə qədər yaxşılaşdırdı. 2023-cü ilin sonunda ABŞ-da inflyasiya hələ də yüksək olsa da, yüksək dərəcələrə baxmayaraq əmək və mənzil bazarlarında yaxşılaşma görünür.