Kirpi konsepti əsasını qədim yunan məsəlindən götürür. Həmin hekayədə tülkü kirpini avlamaq üçün min cür hoqqadan çıxır. Amma kirpi təkçə bir fəndi bacarır: tülkü gələn kimi bükülür və tülküyə iti iynələri ilə qarşılıq verir. Hər dəfə də tülkü burnundan iynələr ilə kor-peşman yuvasına  geri qayıdır.

“Bu məşhur yunan təmsilinin marketinqə nə aidiyyatı var?” deyə soruşa bilərsiz.  Populyar amerikalı biznes konsultantı Jim Collins 2001-ci ildə işıq üzü görən “Good to Great” kitabında məşhur və uğurlu korporasiyaları “Kirpi konseptini” baxımından analiz etmişdi. Jim, Kirpi konsepti deməklə nəyi nəzərdə tuturdu?

Ən qısa tərifi ilə desək biznesdə uğur qazanmaq üçün kirpi olmaq lazımdır: nəyi yaxşı görürsənsə ancaq və ancaq onu görmək, bu işdə bacarığını təkminləşdirmək və hər zaman öz işində birinci olmaq. Davamlı şəkildə ən yaxşı bildiyin işi görəndə həmin sahədə rəqabətqabiliyyətliliyin artır və sən rəqiblərin üzərində üstünlük əldə edirsən. Uğur qazanmaq üçün isə rəqabətdə üstün olmaq yetərlidir. Yarışda ən bərk qaçan yox, rəqibini azca da olsa qabaqlayan qalib gəldiyi kimi.

Collins-ə görə iri, kifayət qədər uğur qazanan korporasiyalar öz səylərini parçalamağa başlayanda onlara uğur qazandıran işdə fokusu itirir, rəqiblərə qarşı üstünlüyü əldən verir və tənəzzülə keçir. Bu cür hala düşməmək üçün nə etmək lazımdır? Collins bu suala da cavab verir:

Hər bir biznes (və ya biznesmen) 3 seçim arasında qərar verməli olur. Bəzi sahibkarlar ancaq öz sevdiyi işi ilə məşğul olur, rəqiblərdən üstün olmasa da az-çox pul qazanır. Bəzi sahibkarlar nədəsə üstün olur və yaxşı da pul qazanır və gördüyü işi sevmir. Elə fanatiklər də var ki, həvəsdə var, öz işinini hamıdan yaxşı görür, amma təəssüflər olsun ki heç pul qazana bilmir (ancaq öləndən sonra qədrini bilənlər tapılır).

Biznesdə və marketinqdə Kirpi konsepti 3 dairənin kəsişməsidir. Hər bir biznes, biznesin qurucusu və ya idarə edəni  biznesin gələcəyi üçün, gördüyü işdə inanılmaz və davamedici uğur qazanmaq üçün öz kirpisini tapmalıdır. Jim Collins kitabın adını qoyanda da bu fikri rəhbər tutub: Yaxşıdan Əlaya (kimi tərcümə etsək) keçməyi bacarmaq üçün həm sevdiyin işlə məşğul olmalısan, həm bu işdə hamıdan üstün olmalısan, həm də bu iş sənə (hamıdan çox) pul qazandırmalıdır.

mktg.az